Sədəf Xəstəliyi Yoluxucudur?

Adına psioriasis də deyilən sədəf, xəstəliyin olduğu yerdə qızarıqlıq formasında özünü biruzə verən, vaxtaşırı ortaya çıxan, xronik bir dəri xəstəliyidir. Dərinin üst təbəqəsinin qalınlaşıb böyüməsi ilə birlikdə sədəf rəngində qabıqlanmalar görünür. Dəri bir neçə gündə bir özünü yeniləməyə başlayır. Dərinin üstündə ölü hüceyrə təbəqəsi artır.

Bədənin bir çox yerində əlamətləri görünsə də, ən çox dirsəklər, dizlər, saçlı dəri, bel və dırnaqlarda meydana gəlir. Bəzi xəstələrdə zəif, bəzilərində də ağır formada olur. Bədənin bir çox yerində sədəf formasında qızarıqlıq və qabıqlanma görülə bilər. Müalicəsi olan bir problemdir.

Cəmiyyətin təqribən 2 faizində görünür. Bu vəziyyət xəstəliyin nə qədər çox göründüyünün sübutudur. Gənc yaşda meydana çıxma ehtimalı daha çoxdur. Ailədə bu xəstəliyin olması, sədəf xəstəsi olma ehtimalını artırır. Bundan başqa, mikrob mənşəli bir xəstəlik olmadığı üçün yoluxucu deyil.